Neft şirkətinin keçmiş rəhbəri hüquqlarının pozulduğunu deyir və kompensasiya tələb edir

Balaxanıda neft buruğu

"Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialının keçmiş prezidenti Uolker Ceyms Alan hüquqlarının pozulduğunu iddia edir. O, hüquqlarının bərpası tələbi ilə vaxtilə rəhbərlik etdiyi şirkəti məhkəməyə verib. Artıq aylardır tərəflər arasında məhkəmə çəkişməsi gedir.

2022-ci ilin oktyabrında "Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialının direktoru təyin edilən C.Uolker 2023-cü il dekabrın 1-də vəzifəsindən azad edilib. Rəsmi sənədlərə görə, onunla müqaviləyə həmin gün xitam verilib.

Keçmiş şirkət prezidenti məhkəməyə şikayətində göstərib ki, öncədən xəbərdar edilməyib, onunla müqaviləyə xitam verilməsi barədə əmr birtərəfli qaydada tərtib olunub. O bu üzdən, sənədə istənilən tarixi qoya biləcəklərini bildirərək xitam əmrinin dekabrın 1-də elektron informasiya sisteminə də daxil edilmədiyini vurğulayıb.

Himayəsində əlil övladının olduğunu söyləyən şikayətçi yada salır ki, Əmək Məcəlləsi 18 yaşına çatmamış əlil övladı olan şəxslərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsini yasaqlayır.

Ayda 15 min dollardan hesablanmaqla təzminat və...

Kanada vətəndaşı olan C.Uolker "Balakhani Operating Company LTD" şirkətində əvvəlki vəzifəsinə bərpa olunmasını, işdən çıxarılandan xitam qərarı verilənədək, aylıq 15 min dollardan hesablanmaqla, əməkhaqqı ödənilməsini tələb edir. Onun məhkəmə iddiasında müqavilənin birtərəfli ləğvinə görə 45 min dollar cərimə, özü və ailə üzvlərinin Kanadaya qayıtması, əşyalarının daşınmasına görə 40 min dollara yaxın əlavə təzminat tələbi də yer alıb. Onun sözlərinə görə, həmin ödənişlər müqavilədə nəzərdə tutulub.

Sənəd saxtalaşdırılıb?

"Balakhani Operating Company LTD" şirkətinin məhkəməyə etiraz ərizəsində bu tələblərin əsassız olduğu vurğulanıb. C.Uolker ilə müddətli əmək müqaviləsi bağlandığı və qanun çərçivəsində ona xitam verildiyi göstərilib. Şirkət iddia edir ki, xitam əmri texniki səbəblərdən elektron informasiya sisteminə vaxtında daxil edilməyib: "Müqavilə müddətinin bitməsi ilə əlaqədar xitam verilmə zamanı işçinin əvvəlcədən xəbərdar edilməsi vəzifəsi həmin dövrdə qüvvədə olan əmək qanunvericiliyində nəzərdə tutulmamışdı".

Himayəsində 18 yaşınadək əlil övladı, yaxud I qrup əlil ailə üzvü olan şəxslərin işdən çıxarılmasının yasaqlanmasına gəlincə, şirkət iddia edir ki, bu, müddətli əmək müqavilələrinə aid deyil, çünki bu halda, müddət bitdiyinə görə xitam verilir.

Şirkətin keçmiş rəhbəri məhkəmədə tələb edib ki, əmrin surəti deyil, əsli məhkəməyə təqdim olunsun. O, elektron imzasından istifadə olunaraq sənədin saxtalaşdırıldığını iddia edir.

İddia rədd edilib

C.Uolkerin işə bərpa və kompensasiya tələbi ilə qaldırdığı iddianı məhkəmələr təmin etməyib. O, hər üç məhkəmə instansiyasını (rayon məhkəməsi, apellyasiya məhkəməsi və Ali Məhkəmə) keçib. Bugünlərdə Ali Məhkəmədə yekun qərar verilib və kassasiya şikayəti təmin olunmayıb.

Məhkəmə qərarlarında göstərilib ki, əmək məsələləri ilə bağlı mübahisələrdə məhkəməyə şikayət üçün 1 aylıq müddət nəzərdə tutulub. Bu işdə şikayətçi həmin müddəti ötürüb. Məhkəmə bunu da vurğulayıb ki, iddiaçı nə zaman və hansı ölkəyə səfər etmələri, əşya daşıdıqlarını təsdiqləyən sübutları da təqdim etməyib.

"Balakhani Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialı 2012-ci ildə "Balaxanıneft" NQÇİ-nin bazasında yaradılıb.